JuHİ “Jurnalist təhlükəsizliyinin təmin edilməsində yeni metodlar” mövzusunda 29 jurnalist üçün 2 seminar təşkil edib

 05.08.2011. “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası  iyulun 28-dən avqustun 03-nə kimi Bakı  və Tərtər şəhərlərində  jurnalistlər üçün “Jurnalist  təhlükəsizliyinin təmin edilməsində yeni metodlar”  mövzusunda   2 seminar təşkil edib. 

  “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsi çərçivəsində keçirilən təlimlərdə Bakıda fəaliyyət göstərən,  ümumrespublika yayımlı 16  aparıcı  KİV redaksiyasından   (AzərTAC İnformasiya Agentliyi, “Səs” İnformasiya Agentliyi,  Space TV, İctimai TV, “Azadlıq” qəzeti, “Azərbaycan” qəzeti, “Xalq” qəzeti, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzeti, “Kaspi” qəzeti, “Ekspress” qəzeti, “İki sahil” qəzeti, “Araz” qəzeti, “Bakı xəbər” qəzeti,  “Həftə içi” qəzeti,  Lent.az xəbər portal) 16 nəfər jurnalist qatılıb.  

Tərtər Şəhərində keçirilən təlimlərə isə Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən  9 aparıcı KİV redaksiyasından ( “El TV” televiziyası, “Xəzər” TV-nin Qərb Regional bürosu, APA İnformasiya Agentliyinin  Qərb Regional bürosu,  “Ağdam” qəzeti , “Kür” qəzeti, “Yeni Tərtər” qəzeti, “Ağdaş” qəzeti, “Bərdə” qəzeti) 13 nəfər jurnalist qatılıb.  Beləliklə,  iyulun 28-dən avqustun 03-nə kimi Bakı  və Tərtər şəhərlərində  keçirilən  “Jurnalist  təhlükəsizliyinin təmin edilməsində yeni metodlar”  mövzusunda   2  təlimə  ümumiləkdə 25 KİV redaksiyasından 29 jurnalist qatılıb ki, bunlardan 9 nəfəri qadın jurnalistlər olublar.

Bakı və Tərtərdə keçirilən təlimlərin hər biri 3 gün davam edib.  

Beynəlxalq Jurnalistlər Federasiyasından  olan  beynəlxalq ekspertlər  yerli jurnalistlərə onların təhlükəsizliklərini təmin etmək məqsədilə müasir beynəlxalq təcrübə barədə məlumat veriblər.  Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib. 

 

“Seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları  ilə tanış etmək və bu sahədə onların bilikləri artırmaqdır. Bu,  Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın müharibə şəraitində olması araşdırma ilə məşğul olan jurnalistlər üçün spesifik problemlər yaradır. İndiki təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən, öz təhlükəsizliklərini təmin edə bilsinlər”-bu sözləri Jurnalsitlərin Həmkarlar İttifaqının sədri,  “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsinin  koordinatoru Müşfiq Ələsgərli deyib.  

 

 

Bu iki təlim Beynəlxalq Jurnalistlər Federasiyasının  Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”  ilə birgə başlatdığı “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsi çərçivəsində baş tutub. 

 

“Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” na  Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalstlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və “Ruh”  Jurnalistlərin Hüquqlarını  Müdafiə  Komitəsi daxildir.  Etik Jurnalistika Təşəbbüsləri  Azərbaycan layihəsi  Avropa Komissiyasının  Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən iki illik layihədir.   

Press Reliz haqqında daha ətraflı məlumat almaq üçün layihənin  koordinatoru Müşfiq Ələsgərli  ilə əlaqə saxlaya bilərsiniz. 

 

Sunday the 20th. Juhi.az by Joomla 2.5 Templates.