“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans keçirilib

05.03.2011. Jurnalistlərin Həmkarlar İttifaqı   matın 2-3-də Bakı şəhərində  “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda  Beynəlxalq Konfrans təşkil edib.  02-03 mart  tarixlərində Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş Konfransda  Azərbaycanın nüfuzlu kütləvi informasiya vasitələrinin  redaktorları, jurnalist təşkilatlarının təmsilçiləri, eləcə də,  beynəlxalq və yerli ekspertlər olmaqla  ümumilikdə 60 nəfər iştirak edib.

Tədbirin işıqlandırılması üçün isə 32 KİV redaksiyasından jurnalistlər iştirak edib (aşağıda Konfransa  qatılan təşkilatların və Konfransın fəaliyyətini işıqlandıran KİV redaksiyalarının siyahısı təqdim edilib).  2 gün müddətində davam edən Konfransda Azərbaycan mediasında redaksiya azadlığı,  mediada etik məsələlər, redaksiyalarda maliyyə şəffaflığı, media və siyasi münasibətlər mövzusunda müzakirələr aparılıb. 

 

“ Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan mediasının bütün problemlərini, həmçinin, yeni çağırışları müzakirə etmək və uyğun qərarlar vermək idi”-bu sözləri Jurnalsitlərin Həmkarlar İttifaqının sədri, Etik Jurnalistika Təşəbbüsləri –Azərbaycan layihəsinin  koordinatoru Müşfiq Ələsgərli deyib.  

 

 “ Keçirilmiş konfransın yekunu olaraq, hər kəsin iradəsini ifadə edən və Azərbaycan mediasının durumunu reallıqda olduğu kimi əks etdirən bəyannamə qəbul edildi”- deyə Müşfiq Ələsgərli bildirib.  

 

EJİ-Az layihəsinin koordinatoru əlavə edib ki, Azərbaycanda son illərdə ilk dəfə belə konfrans baş tutub: “Konfransda iqtidaryönlü, müstəqil mövqeli və müxalifətyönlü medianın təmsilçiləri bir araya gələrək,  normal diskussuya keçirə bildilər. Bu da bizim ən böyük uğurlarımızdan biri oldu”. 

 

Məlumat üçün bildirək ki, “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans  Beynəlxalq Jurnalistlər Federasiyasının “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”  ilə birgə başlatdığı Etik Jurnalistika Təşəbbüsləri -Azərbaycan layihəsi çərçivəsində baş tutub. 

 

Koalisiya Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalstlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və Ruh Jurnalistlərin hüquqlarının müdafiəsi Komitəsindən ibarətdir. Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan  layihəsi Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən iki illik layihədir. 

Press Reliz haqqında daha ətraflı məlumat almaq üçün proyekt koordinatoru Müşfiq Ələsgərli, yaxud BJF-dən olan proyekt rəsmisi Adrien Kollin ilə əlaqə saxlaya bilərsiniz. 

 

Thursday the 22nd. Juhi.az by Joomla 2.5 Templates.