2013-cü ildə Azərbaycan jurnalistlərin sosial durumları yaxşılaşıb, maddi gəlirlərində ciddi artım olub

JuHİ  Azərbaycan jurnalistlərinin 2013-cü il üzrə sosial durumlarına dair yekun hesabatını açıqlayıb

Bakı, 23 yanvar 2014. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2013-cü ildə sosial durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 30 ümumrespublika yayımlı qəzet, 3 informasiya agentliyi, 5 xəbər portalı, həmçinin 8 həftəlik qəzet (5 regional, 3 ümumrespublika yayımlı), 4 televiziya (2 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya əhatə olunub).

 

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri və digər məsələlərlə bağlı sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

 

1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda:

- İşçilərlə fərdi əmək müqavilələrinin  bağlanmasında irəliləyiş var: sorğuya cəlb edilən 95 faiz redaksiyalarda fərdi əmək müqavilələri bağlanıb. Baxmayaraq ki, müqavilələr redaksiyaların bütün əməkdaşlarına şamil edilməyib. Orta hesabla, hər bir redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız  60 faizi ilə fərdi əmək müqavilələri bağlanıb. Amma burada əvvəlki illərlə müqaisədə  ciddi irəliləyiş var. Belə ki, ötən illər üzrə keçirilən sorğulardan belə nəticə çıxırdı ki, redaksiyalarda işçilərin 30 faiz ilə əmək müqavilələri bağlanıdı, qalan işçilər şifahi sövdələşmə ilə çalışırdılar.

- Əmək müqavilələrinin simvolik xarakterli olması problemi isə yenə də aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir;

- Tibbi sığorta təcrübəsi yoxdur və ya minimum səviyyədədir , 3  redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilib. 

 

2.  Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqaisədə ciddi artım müşahidə edilib:

a)Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500 manat və daha yüksək olub (sorğu iştirakçılarının 90 faizi). Sorğu iştirakçılarının az qismi (4 faiz)  350-450 manat, qalanları isə (6 faiz) 600-700 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər.  Məlumat üçün qeyd edək ki, 2011-2012-ci illər  üzrə keçirilən  sorğularda bu kateqoriya üzrə jurnalistlərin orta aylıq gəlirləri 350-400 manat civarında qeyd edilirdi. 

b)Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin də aylıq gəlirlərində ötən illərlə müqayisədə artım qeydə alınıb. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-300 manat arasında dəyişir.

 

3. Regionlarda isə vəziyyət belədir: 

a) Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-200 manatla ifadə olunur.  

b) Regional televiziyalarda çalışan jurnalistlərin   aylıq gəlirləri isə  250-300 manatdır.

 

Sorğu iştirakçıları 2013-cü ildə qeydə alınan digər yeniliklər barədə də fikirlərini bildiriblər: 

 

a)Mənzilsizlik probleminin aradan qaldırılması istiqamətində  ciddi addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən 156 mənzillik bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. Paralel olaraq ikinci binanın inşasına başlanılıb ki, bu da mənzil problem olan jurnalistlərin bu qayğıdan birdəfəlik qurtarmasına şərait yaradıb.  

b)Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin  gəlirlərinin artmasına təsir edən amillər sırasında qeyd edilib.  Məlumat üçün bildirək ki, 2013-ci ildə 200-dən artıq jurnalist bu müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.

c)Media işçilərinin banglardan kredit almaq imkanlarının yaranması 2013-cü ilin yenilikləri sırasında qeyd edilir.  Məlumat üçün bildirək ki, əvvəlki illər üzrə keçirilən sorğularda bangların jurnalistlərə kreditlər verməkdən imtina etmələri ciddi problem kimi önə çəkilirdi. 

d) Uğurlu faktlar sırasında media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2013-cü ildə ciddi media qurumları sırasında fəaliyyətlərini dayandıranlar qeydə alınmayıblar. Məlumat üçün bildirək ki, KİV redaksiyalarının bağlanması, nəticədə jurnalistlərin öz iş yerlərini itirməsi praktikası əvvəlki illərdə ciddi problemlər sırasında olub. 2011-2012-ci illərdə bu problemin aradan qalxması tendensiyası müşahidə edilib.  2013-cü ildə isə bu kateqoriya üzrə hər hansı fakt qeydə alınmayıb. 

 

JuHİ Mətbuat Xidməti

 

Thursday the 22nd. Juhi.az by Joomla 2.5 Templates.